Uşaq inkişafı

Vaxtından əvvəl doğulmuş körpələrin izlənməsi: düzəldilmiş yaş nədir?

Hamiləliyin 37-ci həftəsindən əvvəl doğulan körpələr vaxtından əvvəl doğulmuş (prematur) sayılır. Bu körpələrin xüsusi qayğıya ehtiyacı daha çoxdur: doğum evindən və ya xəstəxanadan evə yazıldıqdan sonra həm həkimlər, həm də valideynlər onlara daha həssas yanaşmalıdır.

Prematur körpənin izləminə nələr daxildir?

Müəyyən tezliklə çəki, boy və baş dairəsi ölçülür. Bununla yanaşı nevroloji və psixomotor inkişaf da aylar üzrə izlənilir. Belə izləm uzun müddət reanimasiya və intensiv terapiya şöbəsində müalicə almış körpələr üçün də aparılır.

Düzəldilmiş yaş nədir və necə hesablanır?

Prematur körpənin inkişafı təqvim yaşına görə deyil, düzəldilmiş yaşa görə qiymətləndirilir. Normal hamiləlik müddəti 40 həftə qəbul edilir və körpənin doğulduğu həftə ilə 40 həftə arasındakı fərq hesablanır.

Nümunə: 32 həftədə doğulmuş körpə üçün bu fərq 8 həftədir (təxminən 2 ay). Körpənin təqvim yaşı 6 ay olduqda, düzəldilmiş yaşı təxminən 4 aydır.

Düzəldilmiş yaş 2 yaşa qədər istifadə olunur. 2 yaşdan sonra uşaq təqvim yaşına görə qiymətləndirilir.

Prematur körpə inkişaf mərhələlərinə nə vaxt çatır?

Vaxtında (40 həftədə) doğulmuş uşaq 6–8 aylığında oturmağa başlayırsa, 32 həftəlik doğulmuş körpə yaşıdından təxminən 2 ay gec — 8–10 aylığında oturmağa başlaya bilər. Vaxtından əvvəl doğulmuş uşaqların boy baxımından yaşıdlarına 2 yaşa qədər çatması gözlənilir. Boy inkişafında gerilik varsa, səbəbi araşdırılmalıdır.

Qidalanmada nələr vacibdir?

Bütün orqan və sistemlər kimi mədə-bağırsaq sistemi və əmmə-udma refleksləri də tam formalaşmadan doğulan bu körpələr daha çox yuxuya meylli və gücsüz ola, ətraf mühit amillərindən və infeksiyalardan daha çox təsirlənə bilərlər. Xəstəxanada 34 həftədən kiçik körpələr çox vaxt damar yolu ilə və burundan zondla qidalanır, əmmə-udma refleksləri formalaşdıqdan sonra ağızdan qidalanmağa başlayırlar.

Prematur körpələr vaxtında doğulanlardan daha tez-tez qidalanmağa, daha çox zülal, karbohidrat, yağ və enerjiyə ehtiyac duyur. Bu ehtiyac düzgün təmin edilmədikdə körpə çəki artımında və yaşıdlarına çatmaqda ciddi ləngiyə bilər. Buna görə mütəxəssis dəstəyi ilə aşağıdakılara diqqət yetirilməlidir:

  • qidalanma tezliyi, sidik və nəcis ifrazına nəzarət;
  • ana südünü qüvvətləndirici əlavələr (həkim təyinatı ilə);
  • ana südünü artırma, sağma və saxlama qaydaları;
  • kenquru baxımı (dəri-dəriyə təmas);
  • evdə qidalanma qaydaları;
  • xəstəxanadan sonrakı izləm və inkişafın tənzimlənməsi.

Az çəkili doğulmuş uşaqlarda boy qısalığı riski

Doğum çəkisi 2500 qramdan az olan və ya vaxtından əvvəl doğulan uşaqlarda yetkinlik dövründə qısa boylu qalma riski daha yüksəkdir. Doğum həftəsinə görə az çəkili doğulmuş uşaqların inkişafı mütləq 2 yaşa qədər izlənməli, inkişaf geriliyi varsa araşdırılmalıdır. 4 yaşa qədər boy baxımından yaşıdlarından geri qalan uşaqlarda boy qısalığına görə müalicə tələb oluna bilər.

Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?

Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.

Qəbula yazılın