Həyatın ilk üç ayı körpə və valideyn üçün alışma dövrüdür. Sadə gündəlik qaydalar körpənin rahatlığına və inkişafına kömək edir.
Gündəlik baxımda nələrə diqqət etmək lazımdır?
- Körpənin otağında temperatur 22–24 dərəcə olmalıdır.
- Bezi vaxtında dəyişin.
- Hər qidalanmadan sonra körpəni qucağınızda dik saxlayaraq mədədəki havanı çıxarın.
- Hər gün təmiz və küləksiz havada gəzintiyə çıxın.
- Qidalanma, yuxu və çimizdirmə vaxtlarını müəyyən qaydaya salın: nizamsızlıq körpəni narahat edir.
- Körpənin ehtiyaclarını vaxtında ödəyin, onu uzun müddət ağlamağa qoymayın.
- Qaz sancıları çox olarsa, mütləq pediatrınızla məsləhətləşin.
Körpənin inkişafına necə dəstək olmaq olar?
- “Körpədir, hələ başa düşmür” deməyin — onunla həmişə danışın.
- Göz təması qurun.
- Körpənin çıxardığı səsləri təkrarlayaraq ona cavab verin.
- Sakit məkanda birlikdə musiqi dinləyin.
- Qucaqda gəzdirərkən körpəni üzü ətrafı görəcək şəkildə tutun.
- Ona uzanıb tuta biləcəyi rəngli və səs çıxaran oyuncaqlar göstərin.
- Güzgü qarşısında birlikdə müxtəlif hərəkətlər edin.
- Körpənin olduğu otaqda televizoru işlətməyin.
- İlk aylardan sonra qollarını və ayaqlarını yumşaq masaj edə bilərsiniz.
Qarnı üstə uzanma məşqi (tummy time) nə üçün lazımdır?
Tummy time — körpənin oyaq olarkən, valideynin nəzarəti altında qarnı üstə uzadılmasıdır. Bu, balacaların ən vacib məşqlərindən biridir: boyun və kürək əzələlərini gücləndirir, inkişafa kömək edir. Bəzi körpələr əvvəlcə bunu sevmir, amma hər gün az-az etmək çox faydalıdır.
Kolik (qaz sancısı) nədir?
İnfantil kolik körpənin təxminən 2-ci həftəsindən 4–5 aylığına qədər davam edə bilən, heç bir səbəb olmadan başlayıb öz-özünə keçən ağlama tutmalarıdır. Kolik xəstəlik deyil və inkişaf geriliyinə səbəb olmur. O, öz-özünə keçir və müalicə tələb etmir; bu məqsədlə istifadə olunan bir çox dərmanın təsiri təsdiqini tapmayıb.
Qaz sancısının mümkün səbəbləri arasında az və ya çox qidalanma, qida allergiyası, həzm sisteminin yetkin olmaması, laktoza dözümsüzlüyü, psixoemosional amillər və sinir sisteminin tam formalaşmaması ola bilər.
Körpəni sakitləşdirmək üçün “5S” üsulu
| Üsul | Mənası |
|---|---|
| Swaddling | Qundaq — ayaqlar sərbəst qalmaqla |
| Side / stomach | Körpəni qucaqda yan və ya üzüstə vəziyyətdə tutmaq — yalnız sakitləşdirmək üçün |
| Sound | Bərabər səs: fen, tozsoran, yağış və ya su səsi |
| Swinging | Yüngülcə yelləmək |
| Sucking | Əmmə — döş və ya əmzik |
Vacib: yan və ya üzüstə vəziyyət yalnız körpəni qucaqda sakitləşdirərkən tətbiq olunur. Körpəni yatızdırarkən həmişə arxası üstə uzadın — Amerika Pediatriya Akademiyasının (AAP) tövsiyəsinə görə yuxu üçün təhlükəsiz vəziyyət budur.
Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?
Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.