Uşaq sağlamlığı

Uşaqlarda qızdırma: qızdırmasalıcı dərmanlardan düzgün istifadə

Uşaqda hərarət valideynləri ən çox narahat edən vəziyyətlərdən biridir. Qızdırmasalıcı dərmanlardan düzgün istifadə etmək uşağın təhlükəsizliyi üçün vacibdir.

Qızdırmasalıcı dərmanın dozası necə müəyyən olunur?

Qızdırmasalıcı dərmanlar uşağın yaşına görə deyil, çəkisinə görə dozalanır. Dozanı həkim müəyyən edir. Siropu ölçmək üçün çay qaşığından deyil, şprisdən istifadə edin.

Nələrə diqqət etmək lazımdır?

  • Eyni vaxtda eyni tərkibli iki preparat verməyin (məsələn, iki fərqli parasetamol siropu).
  • Hərarəti yalnız termometrin göstəricisinə görə deyil, uşağın ümumi vəziyyətinə görə də qiymətləndirin.
  • İbuprofen 6 aydan kiçik körpələrdə istifadə olunmur.
  • Parasetamol və ibuprofenin eyni vaxtda birlikdə verilməsi tövsiyə edilmir. Zərurət olduqda həkim onların növbəli istifadəsini məsləhət görə bilər.

Hansı hallarda xüsusilə ehtiyatlı olmaq lazımdır?

PreparatEhtiyat tələb edən hallar
ParasetamolQaraciyər xəstəliyi; dozanın aşılması qaraciyər üçün toksik ola bilər
İbuprofenQusma, ishal, susuzlaşma; böyrək xəstəliyi; mədə-bağırsaq problemləri; astması olan uşaqlarda ehtiyatla istifadə

Açılmış siropu necə saxlamalı?

  • Siropu ilk dəfə açanda qutunun üzərinə tarixi qeyd edin.
  • Açıldıqdan sonra istifadə müddəti preparatdan asılıdır: parasetamol tərkibli siroplar adətən 1–3 ay, ibuprofen tərkibli siroplar 3–6 ay istifadə olunur. İstehsalçının təlimatına baxın.
  • Günəş şüasından uzaqda, otaq temperaturunda saxlayın.
  • Siropun rəngi və ya qoxusu dəyişibsə, istifadə etməyin.

Qızdırmanı salmaq üçün hansı üsullar zərərlidir?

Uşağı sirkəli, spirtli, aspirinli, soyuq və ya buzlu su ilə yumaq, bədəninə sürtmək zərərlidir. Spirt və sirkə dəridən sorularaq zəhərlənməyə səbəb ola bilər. Soyuq və ya buzlu su isə hərarəti salmaq əvəzinə istiliyin bədən daxilində qalmasına səbəb ola bilər.

Ümumi vəziyyəti normal olan və qidalanmasında problem olmayan uşaqda 38 dərəcədən yüksək hərarətdə ılıq su kompresi etmək olar.

Nə vaxt həkimə müraciət etmək lazımdır?

Hərarət 3 gündən uzun davam edirsə, 3 aydan kiçik körpədə hərarət varsa, uşaq süstdürsə, huşunu itirirsə və ya qıcolma varsa, gecikmədən həkimə müraciət edin.

Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?

Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.

Qəbula yazılın